Tanınmış müğənni canlı efirdə ailəsində yaşanan faciələrdən danışaraq duyğulu anlar yaşayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qardaşının ailəsində baş verən hadisələr onların həyatını tamamilə dəyişib.
Onun sözlərinə görə, ilk ağır zərbə qardaşının 17 yaşlı qızının dənizdə boğulması olub:
"Qardaşımın ailə faciəsi qızının dənizdə boğulması ilə başladı. 17 yaşında dənizdə boğuldu. Ondan sonra anası xəstə oldu, qardaşım da vəfat etdi".
Müğənni qeyd edib ki, qardaşı 54 yaşında dünyasını dəyişib. Gitarist kimi fəaliyyət göstərən qardaşının həyat yoldaşı isə xərçəng xəstəliyindən vəfat edib:
"Qardaşım gitara ifaçısı idi, 54 yaşında rəhmətə getdi. Yoldaşı xərçəng xəstəliyindən öldü. Xanımının 40-da yatdı, oyanmadı".
Sənətçi bildirib ki, hazırda qardaşının üç övladı qalıb və onlarla daim maraqlanır:
"Üç övladı qalıb. Hər gün maraqlanıram, köməklik edirəm. Qohumlara baxıram, amma heç vaxt bunu deməmişəm, ayıbdır".
Ailəsi haqqında da danışan ifaçı qeyd edib ki, bacılarından biri həkim, digəri isə xarici dil müəllimidir. Özü isə Pedaqoji universiteti bitirib:
"Qardaşımın oğlu ilə bir məktəbdə oxumuşuq, uşaqlığımız bir yerdə keçib. Qardaşım evləndikdən sonra mən dünyaya gəlmişəm. Bacılarımdan biri həkimdir, digəri xarici dil müəllimidir. Özüm də Pedaqoji universiteti bitirmişəm".
Sənətçi əlavə edib ki, Şimali Kiprdə yaşayan bacısının yanına son 8 ildə gedə bilməyib.
Onun bu səmimi etirafları studiyada və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa
Milli.Az
















