“Əsa” tetarının yaradıcısı Nihad Qulamzadə vergilərlər bağlı gileyini dilə gətirib.
OLAY yazır ki, bununla bağlı o, instaqramda paylaşım edib. Nihad bildirib ki, işçilərin qonorarını ödəməkdə çətinlik çəkirlər:
“Bildiyiniz kimi bu ildən vergi güzəştləri ləğv olunub. VÖEN-lə fəaliyyət göstərənlər daha əvvəl 5% vergi verirdisə, indi bu 20 faizdir. ƏSA Teatrı aktiv vergi ödəyicisidir. İndi elə vəziyyət yaranıb ki, onsuz da 5-10 manat gəlir əldə edərək, fəaliyyətini davam etdirən bu teatr, indi gəlirinin hardasa 50 faizdən belə yararlana bilmir. Təsəvvür edin, biz bilet satırıq. Əldə olunan gəlirin 20%-i vergiyə, 10%-i “iTicket.Az” bilet satış platformasına verilir. DSMF, icbari tibbi sığorta, bank xərci (2%) nəzərə alındığı təqdirdə, min manatlıq bilet satışından əldə olunan gəlirin sadəcə 560-580 manatı teatra qalır. Hələ nümayişlərin reklam xərclərini (hər nümayişə təxminən 100-250$) hesablamıram. ƏSA Teatrı bir nümayişə nə qədər bilet satmalıdır ki, 15-20 nəfərlik heyətə qonorar ödəyə bilsin?
Mütləq şəkildə vergi qanunvericiliyinə yenidən baxılmalıdır. Müstəqil fəaliyyət göstərən, dövlətdən dotasiya almayan teatrlara və teatr fəaliyyətlərinə güzəşt tətbiq olunmalıdır. Çünki biz ənənəvi bizneslə məşğul deyilik. Ölkə mədəniyyətinin bir parçası olaraq, xidmət edirik və üstəlik bunun müqabilində bir qəpik gəlirimiz olsa belə, qayda-qanunla dövlətimizə vergimizi veririk. Amma 5%-dən 20%-ə kimi kəskin artım, çox güman ki, fəaliyyətimizi axsadaraq, bizə ciddi zərbə vuracaq. Artıq bunun ilk ağrılarını hiss edirik.
Təklif olunduğu kimi 3 işçi də götürə bilmirik. Çünki biz əməkdaşlarımıza aylıq maaş verə bilmirik. Layihələr əsasında qonarar ödəyirik. Həmin 3 işçinin aylıq vergi, dsmf, icbari sığorta xərcləri elə 20% kimi bir şeydir. Çox çətindir. 28 fevral baş tutacaq “Hamlet” tamaşasının bütün biletləri satılıb. Amma nə olsun? 50% bizim deyil”.