"Qonşu ölkələrdən üzr istəyirəm".
OLAY yazır ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Qonşu ölkələrdən üzr istəyirəm. Dünən Müvəqqəti İdarəetmə Şurası qərara gəldi ki, İrana onların ərazisindən hücum edilmədikcə, qonşu ölkələrə hücumlar və ya raket atışları həyata keçirilməyəcək", - deyə prezident bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
















