Bəstəkar-müğənni Murad Arifin “Popumuz var”ın son buraxılışında Rəssamın MadTeen ilə ərsəyə gətirdiyi “Güvən mənə” dueti haqqında fikirləri “Rəssam” səhnə adı ilə tanınan Elvin Həsənovu qəzəbləndirib.
OLAY yazır ki, gənc ifaçı Muradı manipulyasiyada günahlandıraraq paylaşım edib:
“Murad Arifin bir verilişi var – “Popumuz var”. Afərin, yaxşı verilişdir. Əziyyət çəkirsən, kontent hazırlamağa çalışırsan, hayp tutduğun mövzular və qonaqlar da az deyil. Ərk edib “bu uşaqlar deyirsən” deyə, ərk edib sən deyə müraciət edirəm. Mahnıların şərhini qonağın öhdəsinə buraxdığın halda, öz fikrini manipulyasiya edirsən. Söz yığını dediyin mahnını niyə öz reytinqinə qoyasan ki? “Gedək oppalara”, “Almalarınla”, “Partlat buraları” məzmunlu mahnıların müəllifi olaraq, digər mahnılarda dərin məna axtarmağın özü də bir ironiyadır. Həm də bu tip verilişin plagiat olduğu da heç kimə sirr deyil, eynilə mahnıların kimi. Sadəcə bir məsləhət verim, bizim mahnıları əziyyət çəkib verilişində vermə. Yetərincə dərin mövzularda mahnılarımız var. Yəqin öz repertuarın çox fəlsəfi mövzularda olduğundan anlamaqda çətinlik çəkmisən. Çətin deyil ki, yaradıcılığımızı araşdırmaq. İstənilən dinləyicimizdən soruşsan, sənə haqqımızda məlumat verər”.
Rəssam növbəti paylaşımında isə müəllifi olduğu mahnıların “söz yığını” adlandırılmağına toxunub:
“Bizim yaradıcılığımızın məqsədi dərin, fəlsəfi mövzular deyil. Bizim yaradıcılığımız insanlara həmdəm olmaqla yanaşı, həm də onların dərdlərini yüngülləşdirməkdir. Bəzən hər şey çox bəsitdir, düz gözümüzün qabağındadır, biz isə ya onu qəbul etməkdə, ya da anlamaqda çətinlik çəkirik. Halbuki hər şey “güvən mənə” deyəcək qədər sadədir. Bizim dərin məzmunlu şeirlər, qəzəllər yazan şairlərimiz, yazarlarımız var. Biz isə sadə, anlayışlı və bir o qədər də ürəyə yaxın sözlərin müəllifiyik. Bəyənib-bəyənməmək hər kəsin şəxsi işidir, amma yazdıqlarımızı “söz yığını” adlandırmaq birbaşa hörmətsizlikdir”.