“Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşası təqdim olundu

“Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşası təqdim olundu

Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub. Məşhur balet tamaşası iki gün - martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilir.

OLAY yazır ki, tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.

Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri, eləcə də Azərbaycan kollektivlərinin Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri tərəfindən çox böyük sevgi ilə qarşılanır. “Özbəkistan səfərləri doğrudan da hər zaman bizim mədəni əlaqələrin inkişafına çox böyük yardım olur”, - deyə Ə.Lalayev əlavə edib.

Xorazm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.

Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: "Bizim mədəniyyətlərimiz çox yaxın, dillərimiz oxşardır, musiqi alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənətimizə olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin bu tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında yaradılan ən inanılmaz layihələrdən biridir".

Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim edilib.

Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.

Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.

Baletin əsasında rəqsə və həyatın özünə olan sevgi dayanır. Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan Xorəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji, alovlu hərəkətlər, mürəkkəb rəqs təsvirinə əsaslanan unikal üslub lazgini görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiyaya çevrilib.

Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.

Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin Dövlət Operasının, “Essendəki Aalto teatrı” adlı Alman Opera və Baleti Truppasının aparıcı solisti olub, “Prix de Lausanne” də daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsrue, Münhen, Nyu-York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.