Bu gün Laçının azad edilməsinin 3-cü ildönümüdür.
Laçın deyəndə hər kəsin ağlına bənzərsiz səsi ilə seçilən Məhəbbət Kazımov gəlir. Mərhum sənətkar ifa etdiyi "Laçınım mənim" mahnısı ilə təkcə laçınlıların deyil, bütün Azərbaycan xalqının qəlbini riqqətə gətirib.
Məhəbbət Kazımovun ruhu artıq Laçındadır, bəs məzarı doğma yurduna köçürüləcəkmi?
Milli.Az xəbər verir ki, Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Bizim.Media-ya bildirib ki, Laçından atasının məzarına torpaq gətirib:
"Biz əslində Laçına köçmək istəyirik. Bakıda qeydiyyatda olduğumuza və məcburi köçkün hesab olunmadığımıza görə, bizə "Qaçqınkom"dan məlumat daxil olmayıb. Bu barədə dövlət dəstəyi üçün aidiyyatı qurumlara müraciət edəcəyəm. İnşallah, ya dövlət dəstəyi ilə, ya öz hesabıma da olsa, gedib Laçında yaşamaq istəyirəm.
Atamın məzarının Laçına köçürülməsinə gəlincə, əvvəl belə bir təklif verməyi düşünürdüm. Amma sonra qərarımı dəyişdim. Məhəbbət Kazımov xalqın sənətkarıdır, tək Laçının yox...
Atamın qəbri Laçına köçürülsə, onu ancaq laçınlılar ziyarət edə biləcək. Bakıda isə hər gün ən azı 5-10 nəfər məzarına baş çəkir. Amma atamın məzarına Laçın torpağını gətirmişəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun