"Harri Potter və ölüm yadigarları - 1-ci hissə" filmində yaşlı Gellert Qrindelvald obrazını canlandıran britaniyalı aktyor Maykl Börn 82 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, aktyorun ölümü ilə bağlı məlumat xarici mətbuatda yayılıb. Lakin onun vəfat səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
Londonda anadan olan Maykl Börn sənət fəaliyyətinə 1964-cü ildə teatr səhnəsində başlayıb. O, 1972-ci ildən etibarən kino və televiziya layihələrində rol almağa başlayaraq uzun illər ekranlarda müxtəlif obrazlar canlandırıb.
Aktyor əsasən ikinci plan və köməkçi rolları ilə tanınıb. O, "Coronation Street", "Braveheart", "Indiana Jones" filmlər silsiləsi, eləcə də Sean Beanın baş rolda çəkildiyi "Sharpe" serialındakı çıxışları ilə tamaşaçıların yaddaşında qalıb.
Maykl Börnün vəfat xəbəri onun yaradıcılığını sevənlər arasında kədər hissi ilə qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















