Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər

Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər

Milli.Az aktyor Tural Baxışın kult.az-a müsahibəsini təqdim edir:

- Tural bəy, istedad irsən də keçə bilir. Aktyor olmaqdan əlavə Eldar Baxışın oğlusunuz, şeir yazırsınızmı?

- Yox, indi yazmıram. Amma əvvəllər yazırdım.

- Niyə davam eləmədiniz? Bəlkə atanız kimi yaxşı şair olacaqdınız?

- Hərdən olur ki, ağlıma şeirlər gəlir, amma davamını gətirmirəm. Məni daha çox ssenari cəlb edir. Amma qızım artıq babasının yolunu davam edir. 15 yaşı var, hekayələr yazmağa başlayıb. Siz demiş, irsəndir. Ümumən isə poeziya məni cəlb etmir, maraq dairəm başqa sahəyədir. Şeir dünyası belədir ki, gərək daim orada olasan.

- Çox adam sizin Eldar Baxışın oğlu olduğunuzu bilmir. Niyə gizlədirsiniz?

- Hə, düzdür. Açığı, gizlətmək üçün elə bir səbəbim yoxdur. Yəqin, introvertəm, ondan irəli gəlir. Peşəmə baxanda qəribə səslənsə də, insanların diqqətini cəlb etməyi xoşlamıram.

- Atanızla bağlı ən qalmaqallı məsələ onu kimlərinsə zəhərləməsidir. Siz bu barədə nə düşünürsünüz?

- Qalmaqal deməzdim. Çünki o dövr başqa dövr idi. İnsanlar bir sözə görə canları ilə cavab verirdilər. Rusiyadan gələn bir qrup həkim belə bir nəticəyə gəlmişdi ki, atamın qanında süni pereparat var. Biz hamımız düşünürdük, kimsə atamla düşmənçilik etməz. Məgər ki, var imiş onu da sevməyənlər...

- Tural bəy, Eldar Baxışı 16 yaşınıza kimi görmüsünüz. Maraqlıdır, o sizi necə görmək istəyərdi? Bəzən olur ki, sənət adamları övladlarının sənət adamı olmağını istəmir. Atanızın sizə bu barədə təlqini var idimi?

- Açığı, atamın mənimlə həyat haqqında danışması elə də yadıma gəlmir. "Dürüst ol və oxu" deyərdi. Onun həmişə yazı masası arxasında necə həvəslə işləməsi yadımdan çıxmaz. Ədəbiyyata olan sevgisi mənə də təsir etdi. Yoxsa, təsəvvür eləmirəm ki, necə olardı. Ölümündən sonra çox şey çətin idi. Fəhlə işlədiyim günlər də oldu. Təkcə adı mənə motivasiya verirdi. Bütün uğurlarım məhz buna görədir.

- Onun zəhərlənmə məsələsinin üstünə düşmədiniz?

- Dediyim kimi, "Semaşkoda" yatdığı dövrdə Rusiyadan bir qrup həkim gəlmişdi. Nəticə o oldu ki, qanında süni pereparat var. Atamın bəzi dostları, ailəmiz çox narahatlıq keçirdi. Belə bir şeyi heç cür qəbul edə bilmirdik. Bir müddət sonra atamı Mərkəzi Klinikaya keçirdilər. 1-2 gün sonra yenidən müayinə edib dedilər, yeməkdən zəhərlənib. Müəmma kimi qaldı məsələ. Heç kim qabağa düşüb bu məsələnin niyə belə baş verməsini araşdırmadı. O vaxt atamın dostları təkid edirdilər ki, Eldarı başqa ölkəyə aparın. Burada o sağ qalmacaq. Hər şey dumanlı qalıb yadımda.

- Bəs siz sonradan cəhd etdinizmi araşdırmağa? Ortada cinayət də ola bilər. Rafiq Tağını da bıçaqlayıb öldürdülər və qatili tapılmadı...

- Açığı, üstünə düşmədim, uşaq idim, tanıdığım adamlar bunun mənasız olduğunu dedilər.

- "Apatiya" filmdəki rolunuza görə həm sevildiniz, həm də masturbasiya səhnəsinə görə tənqid olundunuz. Narahat deyilsiniz ki?

- Qətiyyən narahat olmuram. Oynadığımız filmlər bizim həyat tərzimiz deyil, peşəmizdir. Mənfi danışanlara qaldıqda isə tez bitir o söhbətlər. Belə də, bəxtim onda gətirib ki, çox adam Əhmədin mən olduğunu bilmir. Şəhla xanıma baxanda bəxtim daha çox gətirib.

- Xalq artistləri deyirlər ki, ümumiyyətlə, filmdə söyüş, açıq səhnələr olmaz. Düz deyirlər?

- Məncə, müasirliklə mübarizə aparmaq çox mənasız bir şeydir. Əksinə, yaşlı və daha təcrübəli nəsil həll yönümlü olmalıdır. Yəni əgər bir millətin mental, dini, sosial dəyərlərinə sosial şəbəklər, televiziya və sairə təsir edirsə, demək ki, bir yolunu tapıb bu neqativ vəziyyəti aradan qaldırmağa köklənmək lazımdır. Yoxsa söz sadəcə səsdi, əməli fəaliyyətə keçmək lazımdır. Bu yoxdursa, oturub çaya baxan kimi sakit durmaq daha yaxşıdır. Çünki bu məsləhətlər müasir insanın bir qulağından girib, o birindən çıxır (əslində, elə həmişə belə olub). Məncə, ölkə olaraq müasirliyin, inkişafın nəbzini tutsaq, daha yaxşı olar.

- Söyüş söymək, açıq-saçıq səhnələr müasirlikdirmi?

- Əlbəttə, söyüş söymək və ya söyməmək müasirlik sayıla bilməz. Amma biz incəsənətdən (fərq etməz hansı növü), ədəbiyyatdan danışırıqsa, yeni, fərqli fikirlər dəstəklənməlidir. Biz nəyə baxdığımızı, nəyi oxuduğumuzu, nə etdiyimizi özümüz seçirik, nəyəsə məcbur etmirlər. Məsələn, sizin "20-ci sahə" hekayələr kitabınızı oxudum. Orada da cəsarət, söyüş, sadəlik, açıqsözlülük var idi. Təbrik edirəm. Hər dövrün öz tələbi var. İnanıram ki, İsgəndər də haranısa fəth eləmək eşqinə düşəndə, biri çıxıb deyib ki, a bala, otur yerində.

- Kitab oxumaqdan söz düşmüşkən, bəzən sənət adamları da oxumadıqlarına görə gündəmə gəlirlər. Siz yəqin, atanızın yaratdığı vərdişlərə görə daim oxuyarsınız. Yoxsa, sizin də vaxtınız yoxdur?

- Kitab oxumaq vərdişini, məncə, insan həyatının ən önəmli hissəsinə çevirməlidir. Pul qazanıram deyə kitab oxumamaq bəhanədir. Çünki hər kitab bir insan ömrünün, təcrübəsinin, həyata və məsələlərə baxışənən nəticəsidir. İllərlə bir insan vaxtını sərf edib yazdığı kitabda əlbəttə ki, insan və insanlıq üçün faydalı nələrsə olur. Mən şəxsən daim oxuyuram.

- Tural bəy, belə başa düşürəm, qırmızı xəttiniz də yoxdur. Məsələn, hansısa rol var ki, çəkilmək istəyirsiniz, amma düşünürsünüz ki, ailəm baxır, ayıbdır...

- Belə qırmızı xəttim yoxdur. Sadəcə, ssenarinin yaxşı olmasına üstünlük verirəm. Baxır hekayəyə. Məncə, bu problem təkcə bizdədir. Sağımızda, solumuzda olanların heç birində aktyoru hansısa obrazı oynayıb-oynamasına görə qınamırlar.

- Kino sahəsində necə, narazılığınız varmı? Sənət adamları adətən, etirazçı ruhda olurlar, amma siz sanki çəkilib qıraqda dayanmısınız...

- Narazı olduğumuz hər şey bizim özümüzdən asılıdır. Adətən, fikir vermişəm ki, həmişə nümunə kimi bizə göstərilən adamlar bu sahənin belə geridə olmasının birmənalı günahkarlarıdır. Ancaq danışmaq, boş və mənasız məsələləri müzakirə etməklə məşğul olurlar. Bu iş isə kollektiv sənətdir. Ona görə də nəsə dəyərli iş görmək üçün dedi-qodudan çox əməli fəaliyyətə keçmək lazımdır. Mənə o söhbətlər ümumilikdə maraqsız görsənir.

- Məsələn, Kino İttifaqı ilə bağlı dəyişiklər, ümumən kinoya ayrılan vəsait - heç biri sizə maraqlı deyil?

- Vallah, dəfələrlə belə dəyişikliklər görmüşük, amma heç nəticə də verməyib. İndi yenə ümid edirik nələrəsə. Gedişatda görürük ki, bu ölkənin öz iş yöntəmi var, başa keçən şah olur, öz qanunlarını gətirir. O qanunlar da ancaq bəzi fərdlərin xeyrinə işləyir, olan isə incəsənətə olur. Nələrinsə bir gün düzələcəyinə ümid edirəm, amma əfsuslar olsun ki, inanmıram. Ümidvaram, mən yanılaram və hər şey doğurdan da ümumən sənətin xeyrinə olar. İclaslar, toplantılar, yığışmalar olur, hansı ki, orada başda oturanlar da incəsənətimizin mövcud vəziyyətinə bais olmuş insanlardır. Ona görə deyirəm danışmaq, kimlərisə müzakirə etməkdənsə, iş görmək lazımdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun