ABŞ-də yadplanetlilərin Yerə gələcəyi ilə bağlı iddialar və naməlum uçan obyektlərin görüntüləri gündəmdən düşmür.
OLAY yazır ki, son aylarda ölkənin müxtəlif ştatlarında qeydə alınan qeyri-adi səma hadisələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Diqqət çəkən görüntülərdən biri Alyaskanın Ankoric şəhərində iyunun 15-də çəkilib. Sara Jane Osborn tərəfindən lentə alınan videoda meduzanı xatırladan, alt hissəsindən uzun çıxıntılar sallanan naməlum obyekt görünür. Görüntünün noyabrda yenidən yayılması müzakirələri gücləndirib. ABŞ-nin Joint Base Elmendorf-Richardson hərbi bazası hadisədən xəbərdar olduğunu təsdiqləsə də, obyektin mənşəyi barədə məlumat verməyib.
Floridada da oxşar hadisələr qeydə alınıb. Sentyabrın 4-də Meytlend sakinləri səmanın üzərində parıldayan işıqlar dəstəsi müşahidə ediblər. Hadisənin videosu WFTV telekanalına göndərilib.
Avqustun 15-də Sarasotada isə şahidlər üçbucaq formalı işıqlı obyektin ardınca parlaq narıncı kürənin hərəkət etdiyini bildiriblər. Hadisə ABŞ-ın Milli UNO Araşdırma Mərkəzinin (NUFORC) məlumat bazasında qeydə alınıb. Müşahidənin raketlə əlaqəli olması ehtimalı da irəli sürülüb.
Oktyabrın 28-də Bay County ərazisində metalik görünüşlü, formasını dəyişirmiş kimi görünən naməlum obyektin videosunun çəkildiyi iddia edilib. Şahid obyektin bir müddət yoxa çıxaraq yenidən göründüyünü bildirib.
Qeyd edək ki, ABŞ-də naməlum uçan obyektlərlə bağlı araşdırmalar da davam edir. Pentaqonun açıqladığı bəzi hərbi görüntülər və pilotların hesabatları uzun müddətdir ictimaiyyətin diqqətindədir.
Bütün bu hadisələr yadplanetlilərin Yerə gəldiyini sübut etməsə də, müxtəlif ştatlarda qeydə alınan görüntülər kosmosda başqa həyat formalarının mövcudluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
















