Türkiyənin tanınmış gitaraçısı, bəstəkarı və aranjimançısı Cengiz Coşkunerin səhhəti pisləşib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı sənətçi istirahət üçün getdiyi Muğlanın Datça rayonunda qəfil narahatlıq keçirib. Nəfəs almaqda çətinlik çəkən Cengiz Coşkuner təcili tibbi yardım göstərildikdən sonra Datça Dövlət Xəstəxanasına aparılıb.
Vəziyyəti ağırlaşan musiqiçi əvvəlcə Marmarisə, daha sonra isə Bodrumda yerləşən özəl xəstəxanalardan birinə köçürülüb. Hazırda reanimasiya şöbəsində müalicə alan Cengiz Coşkunerin süni tənəffüs aparatına qoşulduğu bildirilib.
Qeyd edək ki, Cengiz Coşkuner karyerası ərzində Orhan Gencebay, Zeki Müren, Bülent Ersoy, Selami Şahin, Coşkun Sabah və Neşe Karaböcek kimi məşhur sənətçilərlə əməkdaşlıq edib.
O, həmçinin Cengiz Kurtoğlunun ifasında məşhurlaşan "Duvardaki Resim", "Gelin" və "Unutulan" mahnılarının bəstəkarıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















