Milli.Az aktyor Səmimi Fərhadın lent.az-a müsahibəsini təqdim edir.
Müsahibədən öncə ənənəvi qaydada vaxt təyin etmək üçün əlaqə saxlayanda Laçında olduğunu və yaxın günlərdə qayıdacağını dedi. Laçın işğaldan azad edildikdən sonra ora tez-tez gedir.
Dediyi vaxtda yenidən əlaqə saxlayıram və gün seçirik. Qeyd edək ki, adının da haqqını tam anlamda verir. Redaksiyamızın ofisinə çatanda qarşılamaq üçün çıxıram. Məndən əvvəl o tanıyıb yaxınlaşır. Müsahibəyə də elə ayaqüstü başlamış oluruq.
- Yollar...
- Hə, hər yer tıxac.
Amma açığı danışdığımız zamandan tez çatıb.
- Gözləyin, sizə çay deyim o zaman.
- Yox, su. Evdən gəlirəm, somovar qaynatmışdım. Yaxşı çay içib gəlmişəm, ağzımın dadını istəmirəm dəyişəm (gülür).
Simasındakı qırışlarda "Suğra və oğulları"nın Əhədi, "Körpü"nun Səmədi, "Nar bağı"nın Qabili görünür.
Bizim yaşıdlarımızın isə daha çox "Pərvanələrin rəqsi"ndəki Şahmarla tanıdığı aktyor Səmimi Fərhadın Lent.az-a müsahibəsini təqdim edirik.
- İşləriniz necə gedir? Sənətinizlə bağlı nə yenilikləriniz var?
- Son 1 il daha məhsuldar keçdi. Çox filmlər, seriallar çəkildi. Amma açığı deyim ki, layihələrin çoxu baş tutmadı. Çünki mən qonorar deyirəm, endirim etmirəm, qıraqda dayanıram. Çəkən çəkir, çəkməyən də çəkmir. "Sözün varsa, de" filmimizi demək olar ki, tamamlamışıq. Dövlət layihəsidir və rejisoru Rasim Kərimoğludur. Orada Mahir obrazını canlandırıram, o da baş qəhrəmanının dostlarından biridir. Yəqin ki, bu işimizi də oktyabrın ortalarına tamamilə bitirəcəyik.
- Ondan sonra nə edəcəksiniz, başqa planlarınız var?
- Bundan sonrakı planım yalnız Laçınla bağlıdır. Yeni edəcəyim nə varsa, hamısı Laçınla bağlı olacaq. Çünki Laçına köçürəm.
- Daimi orada yaşamağı düşünürsünüz?
- Bəli. 3-5 ildən bir yaxşı layihə, yaxşı qonorarlı iş olarsa, gəlib çəkilərəm. Uzaq deyil ki, gəldin, çəkildin, getdin. Bu, normaldır. Amma qalan bütün planlarım Laçınla bağlı olacaq.
- Orada işiniz-gücünüz var?
- Lap heç bir işim olmasa, heç bir layihəm tutmasa, quru havasına orada yatıb-durmaq mənə bəs edir.
- Orada işləmək üçün indiyədək təklif gəlmləyib?
- Hələ ki nəticəsiz danışıqlardır. Mən 4 il qabaq Laçın nümayəndəliyində oldum. O vaxtdan indiyədək Laçında adi bir ştat, stabilliyimi qoruyacaq bir iş təklif olunmayıb ki, rahat şəkildə orada yaşayım, ac qalmayım.
- Bəs Mədəniyyət Nazirliyinə necə, müraciət etmisiniz?
- Eşitdim ki, mədəniyyət naziri Adil Kərimli avqustun 27-si vətəndaşları qəbul edir. Düşündüm ki, indiyədək heç bir idarə, müəssisə tanımamışam, müraciət etməmişəm. İstər, aktyor, istər rejisor fəaliyyəti dönəmimdə nə imtiyaz, nə fəxri ad, nə mükafat tələb etməmişəm, istəməmişəm. Baxmayaraq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü deyiləm, bütün əyalətlərdə kino mədəniyyətini aşılamaq üçün gəzmişəm. Bunları təmənnasız etmişəm, amma heç kəsdən bunun qarşılığında nəsə tələb etməmişəm.
Nazirə də dedim ki, aktyor kimi yox, Laçın vətəndaşı kimi gəlmişəm. İxtisasıma yaxın bir iş olsun. Bilirəm ki, Xankəndində teatr yaranır, Şuşada televiziya açılır, Şuşa teatrının qayıtma ehtimalı var, Laçının mədəniyyət mərkəzi olacaq. Gələcək üçün çox yaxşı şeylərin olacağını bilirəm. Amma mən bu dəqiqə qaçanı qovuram. Orada yaşamağım üçün stabilliyim lazımdır ki, dolanım.
Nazir yönləndirdi, Rəşad Əzizovla görüşdüm. Danışığımız belə olub ki, qəbul edilmək üçün layihə aparmalıyam. Bizim bir görüşümüz də olacaq. Görüşümüz olana qədər də layihəni tamamlamalıyam. Onlar bunu bəyənəcəkmi, bəyənməyəcəklərmi. Amma ümid edirəm ki, indiyədək Laçında olan nə qədər layihə olubsa, hamısından yaxşı olacaq.
- Layihəni hazırlamağa başlamısınız?
- Bəli. "Payızın üç anı" adlı bir layihədir. Tərkibində uşaqlar üçün bütöv bir gün ayırmışıq. Uşaq tamaşası, təsviri incəsənət bacarıqlarını yoxlamaq üçün istər musiqi alətləri ilə məşqlər, kinoya həvəsi olanlarla maraqlanmaq üçün bir gün ayıracağıq. Kukla Teatrının qəhrəmanları ilə tanışlıq, onların kuklaları hərəkət etdirməsinin sirlərini öyrətmək üçün köməklik göstəriləcək. İkinci günü şəhid ailələri və Qarabağ iştirakçılarına həsr edirik. Rasəf Mehdiyevin monotamaşası var, o göstəriləcək. Qiraət olacaq. Növbəti, üçüncü gün Laçın əhalisi üçün ümumi konsert təşkil olunacaq. Əslində haqqında danışmaq çox tez idi. Amma layihədə hələ tamamlanmalı yerlər var.
- Layihəni kiminlə işləyirsiniz?
- Tək işləyirəm. Dostlarımla məsləhətləşirəm. Mən üzərimə düşəni edim ki, təsdiqlənəndən sonra böyük komanda şəklində alnıaçıq göstərək. Bunun bir az da maddiyyat tərəfi də var. Cəlb edəcəyəmiz nə qədər laçınlı aktyorumuz var.
- Adları müəyyənləşdirmisiniz?
- Tam hazır olduqdan sonra artıq bu barədə danışmaq olar. Həm də bu işə bir laçınlı kimi baxmıram. Mən respublika səviyyəsində müəyyən qədər kinoya tövhəsini vermiş adam kimi öz vətənimdə heç nə edə bilmirəm. Gəlib ağzımızın içində tədbirlər edirlər. Laçının bu qədər aktyoru, qiraətçiləri, sənət adamları var. Heç birini dəvət etmədən tədbir keçirirlər. Heç bəzən seyirci kimi dəvət etmirlər. Halbuki zaman-zaman əllərindən tutub biz dəstək olmuşuq, yol göstərmişik. Əllərindən tutub səhnəyə gətirdiyimiz adamlar bizi yada salmırlar. Nə qədər tədbir olub, dəvət etmirlər, bizim yanımızdan düz keçirlər.
- Kimlər?
- Özləri bilirlər. Onlar fikirləşməsə də, mən onların yerinə düşünürəm. Qoy dərslərini özləri göstərsin. Mən 1992-ci ildə məcburi köçkün olmuşam. Bakıda ayağı yalın, başı açıq, küçədə əziyyətlə böyümüşəm. Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam. Kiminsə adına yalandan sənətkar damğasını yapışdırdıqları halda, mən aktyor ola-ola alçipan vuran fəhlə kimi işləmişəm. Məsələ o deyil. Məsələ odur ki, mən Laçından gələndə hamı bizə qucaq açmayıb. Düzdür, qucaq açanlar olub. Amma ən çox biz əzilmişik, xor baxılıb, qaçqın deyə məktəblərdə ələ salınmışıq. Bu dediyim küçə şəraitində 13-14 yaşında pul qazanmağın yollarını axtaran uşaq olmuşam.
Dondurmanı necə satmaq olar ki, əriməsin? - bunu öyrənə-öyrənə, pis-yaxşı universitet oxumuşam. Mən türməlik də ola bilərdim, tamam başqa həyat yaşaya bilərdim. Tələbəlik illərimdə epizodlara çəkilmişəm. Teatr fəaliyyətim 2000-ci ildən başlayıb. Filmlərdə çəkilmişəm. Qarabağla bağlı filmlərə qonorarsız. ən az qonorarla çəkilmişəm. Laçınlısan, sənin borcundur.
- Belə deyirlər sizə?
- Yox. Deyirlər ki, sən daha yaxşı hiss edirsən. Amma bu, vətən mövzusudur. Sənin də, mənim də borcumdur. Eləməsən, vətən xainisən. 12 yaşımdan 47 yaşıma qədər Qarabağın cəfasını çəkə-çəkə gəlirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mümkünsüz bir şeyi mümkün edən ölkəyik. Şükürlər olsun, hər şey gözəldir. Bir balaca bu sənət adamlarının maddi rihafı yüksəlsə, aldığımız qonorar növbəti işimizə qədər yetsə, sevinərik. Bizim başqa nə dərdimiz ola bilər ki? Amma, mən bu boyda cəfasını çəkmişəm, daha səfasını da sürməyini istəyirəm. Səfasını çəkməyə də qoymurlar. Ağzımızın içində 100 tədbir edib bizi dəvət etmirlər. Reallıq budur.
- Nazirlik yada salmayıb sizi?
- Yox. Heç bir təklif də gəlməyib. Nazirlik mükafat, fəxri ad verirsə, bunu adamın teatr fəaliyyəti ilə ölçürlər. Hər aktyoru da teatrın öz truppa müdiri göndərir və oradan seçirlər. Mənim isə teatr fəaliyyətim azdır, əvvəllər işləmişəm. Bunu da ittifaq etməlidir, amma üzvü deyiləm. Bununla belə, nə qədər əziyyətlərini çəkmişəm. Özüm axırda məcbur olub aktyor kimi yox, Laçın sakini kimi müraciət etdim.
Yaxşı nəticə almalıyam, əl çəkməyəcəyəm. Ya da Laçında yaşamaq üçün özümə bir iş tapacağam. Laçın da tikinti şirkətləri ilə doludur. Günəmuzd fəhlə işləyərəm, palçığımı qataram, amma o palçığın da içində sənət yaradacağam. Bir "Facebook" səhifəm var, bir Allahım. Onu da paylaşıb yazacağam ki, sənət əmin əllərdədir. Onda bunlardan əl çəkəcəyəm. Mənim üçün orada iş olacaq. Amma mən indiki durumumdan danışıram, Laçında çətinlik çəkirəm.
- Laçına da tez-tez gedirsiniz.
- İlk dəfə tədbirə görə getmişdim. Yemək arasında qaçıb öz məhləmizə baxdım. Bakıya qayıdandan sonra burada cəmi iki gün qaldım, o iki günü də yata bilmədim. Üçüncü gecə artıq paltarlarımı yığdım, bildim ki, uzun müddətli gedirəm. 15-16 gün qaldım. Burada da işlərim var idi. O vaxtdan gedib gəlirdim. İndi isə daha çox oradayam.
- Oradakı evinizdən, yəqin ki, əsər-əlamət qalmazdı...
- Əvvəl hə. Amma indi evimizin yekun işləri qalıb. Dövlət təmin etdi, tikildi. Bir tərəfini "Qrad" uçurmuşdu, heç nə qalmamışdı. Ağac kəsilməyinə pis oluram, amma uşaq vaxtı bir sərçə vurmuşdum, o yapışıb ağacın üstündə qalmışdı. Elə biz çıxana qədər orada qalmışdı. Həmin ağac bu dəfə gedəndə yox idi artıq.
- Oradan çıxanda 12 yaşında olmusunuz. Hər şeyi xatırlayırsınız? Şəhərdəki son günlərinizdən danışa biləcəksinizə, dinləmək istəyərdim.
- Atam postda olurdu, anam da telefonçu işləyirdi. Rabitə çox əsas idi. Anam da müharibə veteranıdır. Poçt vurulandan sonra daha orada işləmək mümkün olmadı. Rabitə tamamilə itdi. Bir iki gün sonra artıq biz gələsi olduq. Mən onların evdə olmamasından istifadə edirdim. Dəcəl uşaq idim, meşəyə, çaya çox gedirdim.
Ana işdə, ata postda, başımızın üstündən güllələr yağır - mən o güllələrin içində azad bir uşaq olmuşdum. Evlərindən vaxtından tez gedən qonşuların çənlərində çimirdim. Bir-iki dəfə də öz çənimizdə çimdiyimin üstündə döyülmüşdüm. Həyət dağın başında olduğundan su çəni olan maşınlar gəlirdi, hər həftə su doldururduq. O güllə-boranın içində xoşbəxt idim. Biz onsuz da buna alışmışdıq. Rahatlığım var idi.
Sizə Şuşanın işğalından əvvəlki günü danışım. Mayın 7-i xəstəxananın qabağında idim. Maşınları açırdılar, nə qədər yaralı, ölü görürdük. Elə olurdu ki, yaralılar ölənlərin altında qalıb ölürdü. O qədər şeylərin şahidi olmuşduq... Balaca köşk var idi, pul verib şəkər aldığımız köşk "Qrad"la vurulmuşdu. Gözümüzün qabağında bir anda məhv olmuşdu. Oranı Mehman adlı oğlan işlədirdi, ayağını bir, qolunu bir tərəfdən tapdılar. Uşaqların artıq oyun şəkili dəyişmişdi. Bizim əldədüzəlmə güllələrimiz var idi. Müharibə şəraitində böyüyən uşağın oyuncağı nə olmalı idi ki? Normal uşaqlığımız keçmədi.
- Atanız könüllü idi?
- Bəli.
- Siz nə əcəb hərbi sahəni seçmədiniz?
- Bütün yarımçıq qoyduğum şeylər məni aktyor kimi inkişaf etdirdi. Heç mən özümü aktyor saymıram. Zərurətdən aktyorluq edirəm. İstəyirəm ki, dərinliyimdə illərdir bəslədiyim filmləri çəkim.
- Müharibəyə aid?
- Yox. Oradan başlayan yol var, ora aid olmayan da var. Hamısını saxlamışam. Özüm yazmışam.
- Niyə saxlayırsınız ki?
- Neyləyim, verim kimsə pis günə qoysun? (gülür). Gözləyirəm, imkanım olanda çəkim.
- Başqa kiməsə güvənmirsiniz, ya necə?
- Yox, güvən məsələsi deyil. Yetərincə gözəl rejisorlarımız var. Məndən yaşca kiçik olan rejisor var ki, setdə özümdən böyük bilirəm. Məsələ güvən deyil. İnanmadığım rejissorlar olur. İşləyirik, amma öz içimdəki rejissorum orada məni oynadır. Setdəki rejissor mənə düzgün istiqamət verə bilmir, izah edə bilmir, yaxud özü nə istədiyini bilmir. Orada içimdəki rejissor məni oynadır.
- Çoxdur belə rejissorlar?
- Hər sənətin mükəmməl, zəif biləni, yaxud, ümumiyyətlə, bilməyini olur da.
- Yenə ad çəkməyəcəksiniz?
- Yox, düzgün deyil, etik deyil.
- Tetarda niyə uzun müddət qalmadınız? Gənc Tamaşaçılar Teatrından uzaqlaşmaq səbəbiniz nə idi?
- Öz ərizəmi yazdım, çıxdım. Amma məni buna məcbur etdilər. Mənə başqa seçim qoymadılar. O şərtlər altında işləyə bilməzdim.
- Hansı şərtlər?
- Əslində elə ağır şərtlər yox idi. Sadəcə yersiz ərklər edən adamlar var. O teatrda işləməyimi istəyəmən baş rejissorumuz var idi. Sonra uzun müddət teatrsız qaldım. 2014-cü ildə Şəkiyə getmişdim, Mirbala müəllim orada olduğunu biləndə, məni dəvət elədi. Həm iş, həm də psixoloji cəhətdən çox dəstək verdii. Amma 2003-cü ildə Bələdiyyə Teatrına yaxınlaşdım, Amalya xanımla görüşdüm. Ona orada işləmək istədiyimi bildirdim, dedi ki, gözəl səsin var, səhnəyə yaraşırsan. Amma gec gəlmisən, mövsümün əvvəlində gəlməli idin. Fikirləşdim ki, məni yola verir. Dedi, mövsümün əvvəlində gələrsən. Dedim, mövsümün əvvəlində gəlməcəyəm, ya indi, ya da heç vaxt. Bilirdim ki, qayıtmayacağam. Çox sonralar başa düşdüm ki, əslində mövsümün sonunda getmək düzgün deyildi. Sonra fikirləşərdilər, Amalya xanımın nə marağı var ki, mövsüm sonunda aktyor qəbul edir? İşləmədən maaş almağım onun üçün məsuliyyət idi. Qınamadım.
- Sonra heç görüşdünüz onunla?
- Bəli. Uzun illər sonra 2012-ci ildə "Xoca" filminin qalasında görüşdük. Dedi, izləyirəm, bəyənirəm.
- Dəvət etmədi yenidən?
- Yox, dəvət olmadı.
- Özünüz necə?
- Öz layihələrimlə məşğul olmağa davam etdim, müraciət etmədim.
- Azərbaycan kinosunun bu günündən danışsaq, sizin üçün əsas problem qonorardır?
- Çox problem var. Düzəlməyən çox şey var, düzələsi çox şey var. Əsas isə qonorar məsələsidir. Birincisi, aktyora qonorarını verməyi öyrənsinlər. Əlində imkan olan da vermir, imkan olmayan da. Mən də şəxsən güzəşt etmirəm. Çünki bizim bu layihədən aldığımız qonorarı digər layihəyə qədər çatdırmaq mümkün deyil. Mən evin 47 yaşlı körpəsiyəm. Hələ də onların dəstəyi olmasa, yaxın dostların köməyi olmasa, yəqin, bu sənəti çoxdan atmışdım. Mənə ev, maşın alıblar.
- Hansı iş qonorarları aşağı olsa da, sizi çəkilməyə razı sala bilər?
- Qonorara görə imtina etdiyim işlərim çox olub. Məsələn, ikisi dövlət işidir. Çox film çəkib, illərlə təcrübə yığıb, mən ona konkret məbləğ deyirəm, razılaşmırlarsa, getmirəm. Endirim etmirəm, istəmədiyimi vermirlərsə, güzəşt etmirəm. Eləsi də var ki, yeni başlayıb, o da dövlətin layihəsidir, amma ona dəstək lazımdır, qonorarı az olsa da, razılaşıram. Bunu sırf dəstək üçün edirəm.
- Bəs dəvət etdikdən sonra qiyməti siz bilmədən dəyişən olur?
- Olur, mən də getmirəm. Məsələn, dəvət edir, gedirəm, danışırıq. Deyirəm ki, filan qədər qonorarla razıyam. Amma o da gedib sonra yalandan deyir ki, Səmimi razılaşmadı, istəmədi. Əslində, dediyim pula razı olmadıqları üçün belə edirlər. Yalan danışırlar. Sonra da yerimə başqa aktyoru götürürlər. O qədər belə iş olub ki, mənimlə danışıb sonra yerimə son anda başqasını dəvət ediblər. Öyrənmişəm. Aktyora verilən pul qəpik-quruşdur. Aktyor o pulu görmür.
- Kifayət qədər pul ayrılsa da?
- Bəli.
- Son olaraq, müharibə mövzusunda çəkilən filmlər sizi qane edir?
- Xeyr. Narazıyam. Amma düşünürəm ki, daha yaxşıları çəkiləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















