Tanınmış tarzən Elxan Müzəffərov dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, bu barədə Elxan Müzəffərovun tələbəsi, tarzən Humay Qədimova məlumat yayıb.
O, sosial şəbəkədə müəlliminin fotolarını paylaşaraq onun vəfat etdiyini bildirib.
"Çox təəssüf hissı ilə bildirmək istəyirəm ki, bu gecə klassik muğam bilicisi, böyük müəllim, ustadımız Elxan Müzəffərov dünyasını dəyişib. Mütəmadi olaraq ziyarətinə gedirdim. Son dəfə 27 sentyabrda iş yoldaşım, gözəl tarzən Məsim İslamovla bərabər ziyarət etdik. Hər zaman klassik muğamın keşiyində xidmət göstərən, milli muğamlarımızın ənənəsini qoruyub saxlayan və yüzlərlə tanınmış tar ifaçılarının yetişməsində müstəsna rolu olan müəllimimiz Elxan müəllimə Allahdan rəhmət diləyirəm. Məkanın cənnət olsun, ustad!".
Qeyd edək ki, Elxan Müzəffərov tanınmış tarzən və pedaqoqdur. "Rast", "Xocəstə", "Dəşti", "Nəva", "Şur" və "Dügah" kimi klassik muğamların ifaçısı kimi tanınıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)


















