Müğənni Günel Zeynalova ad günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki,ötən bir ildə yaşadıqlarından söz açan Günel bu sözləri yazıb:
“Bir yaş daha… Oxuyacağım mahnılarım, quracağım xəyallarım, qucaqlayacağım sevdiklərim var. Şükürüm çoxdur.
Ötən ilin oktyabrında Bakıda yaşamağa başlayaraq yeni bir macəraya addım atdım. Ev sahibi olmaq nəsib oldu… Allah bunu arzulayan hər kəsə nəsib etsin. Həm də evlərinə rahatlıqla köçməyi, sevdikləri ilə sağlamlıq və hüzur içində yaşamağı qismət etsin.
Bu il bəzən yoruldum, bəzən də “Görəsən, necə olacaq?” dedim. Çalışdıqca öyrəndim. Bir ev qurarkən öz səbrimi və gücümü də tanıdım. İnsan bəzən çətinlik çəkmədən bəzi həqiqətlərin fərqinə vara bilmirmiş… Allahın verdiyi ağlı və düşünmə qabiliyyətini necə istifadə etməyi də təcrübə ilə öyrənirmiş. Şər sandığımızda xeyir ola bilər, xeyir sandığımız isə bizi imtahana çəkə bilər. Bəzi şeyləri yalnız zaman keçdikdən sonra anlayırıq.
Ən böyük şükür səbəbim ailəmdir…
Atam, anam, bacım, bacımın həyat yoldaşı, qardaşım, gəlinimiz… Bir də beş dəyərli bacı-qardaş övladım. Onların ən böyüyü Nazarım; həm bacı-qardaş övladım, həm ən yaxın dostum, həm də yol yoldaşım… Ən kiçiyimiz Əlirahmanım, xalasının quzusu… Hamınızın ən gözəl, ən xoş günlərini görək. Yaxşı ki, varsınız.
Anamla atam mənim də öz ailəmi qurmağımı istəyirlər. Mən də istəyərəm… Amma onlar da bilirlər ki, eşq olmadan, sevgi olmadan olmaz. Niyyətimiz bəllidir. Gələn ilə söz verməyim, amma gəlin, 2027-ci ili gözləyək, görək, əziz sevənlərim.
Bu il sevdiklərimizlə vidalaşdıq…
Əmim Efi, nənəmiz Gülşən… Nur içində yatın, məkanınız cənnət olsun. Yeriniz boşdur, sevginiz isə bizimlədir. Ölümü bir oyanış kimi görsəm də, insan səsinizi eşitmək, bir dəfə də olsa yanınızda oturmaq üçün darıxır…
İndi ağlayacağam ha… Nə isə…
Bu gün aldığım nəfəsə, səsimə, sənətimlə sizə çata bildiyim hər günə şükür edirəm. Məni sevən, məni düşünən, dualarında mənə də yer verən hər kəsə ürəkdən təşəkkür edirəm.
Sizi sevirəm. Yaxşı ki, varsınız.
Birlikdə daha çox gülək, mahnılar oxuyaq, gözəl günlər görək…“
















