Kanadalı müğənni Selin Dion səhhətinə görə dörd illik məcburi fasilədən sonra iyulun 26-da Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışında amerikalı müğənni Ledi Qaqa ilə birlikdə çıxış edə bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə RMC radiosunun jurnalisti Thierry Moreou məlumat verib.
"Selin Dion və Ledi Qaqa "Edith Piaf"ın "La vie en rose" mahnısını duet şəklində məşq etdilər", - o, "X" sosial şəbəkəsində yazıb.
Moreonun sözlərinə görə, "Dior" moda evi kanadalı müğənni üçün çəhrayı və qara lələklərdən ibarət geyim hazırlayıb.
Selin özü də instaqram səhifəsində Luvrun şüşə piramidasının yanında dayandığı Parisdən bir fotoşəkil yayımlayıb. Lakin mərasimin təşkilatçıları hələ ki, onun iştirakını rəsmən təsdiqləməyib, yalnız tədbirin sonunda sürprizlərin gözlənildiyini bildiriblər.
Qeyd edək ki, onun son konserti 2020-ci ilin martında ABŞ-də baş tutub, lakin sonrakı çıxışları koronavirus pandemiyası səbəbindən ləğv edilib. 2021-ci ildə Dion şiddətli əzələ spazmları səbəbindən planlaşdırılan konsertlərini ləğv etməli olub. Tibbi səbəblərə görə onun 2022 və 2023-cü illərdəki sonrakı turları ləğv edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun