Bu gün Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, gözəlliyi ilə dillərə dastan olan, amma daha çox "Bəxt üzüyü" filminin "Sevda"sı kimi yaddaşlarda qalan Firəngiz Rəhimbəyovanın doğum günüdür. Aktrisanı sənət yoldaşları ilə birgə anırıq.
Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən əməkdar artist Gülşad Baxşıyeva bildirib ki, Firəngiz xanım olduqca pozitiv bir insan idi.
"Nəinki özü, səsi də pozitiv idi. Nə vaxt baxırdın deyib-gülürdü. Problemləri bəlkə də çox idi, amma heç vaxt onlardan danışmırdı. Müğənni kimi də fərqli idi.
İş elə gətirdi ki, "Bəxt üzüyü" filmində birgə çəkildik. O, xoşbəxt "Sevda"nı, mən isə bədbəxt, üzüyünü itirmiş "Sara"nı oynayırdım. Bir ailə kimi filmə çəkilirdik. Ona "Fira" deyə müraciət edirdik. Deyirdi ki, həyatın hər anını gözəl yaşamaq, dadını çıxarmaq lazımdır.
Məndən yaşca kiçik olsa da, onun dediklərindən, həyata baxışından çox şey öyrəndim. Məşhur müğənni olmasına baxmayaraq, özünü qətiyyən göylə aparmazdı. Çəkilişdə hər kəslə eyni səs tonu ilə danışırdı. İnsanlar arasında fərq qoymazdı. Hələ onu görməmişdim ki, bir dəfə oturub kiminsə qeybətini etsin, sözünü danışsın. Ümumiyyətlə, heç kəs haqqında danışmazdı.
Bakıya gələndə tez-tez görüşürdük. Deyirdi ki, sən də gəl ABŞ-yə. Deyirdim ki, Fira, Bakı-Sumqayıt deyil e, ABŞ-dir. Deyirdi ki, nə olsun, min təyyarəyə gəl (gülür). "Bəxt üzüyü-2" filminin çəkilişlərinə gələndə məni soruşub, gözü məni axtarıb. Soruşub ki, Gülşad hanı? Onlar da yəqin deyiblər ki, biz belə çəkirik. Firəngizin ölümü mənim üçün qorxulu bir yuxu oldu. Televizorda eşitdim ki, dünyasını dəyişib.. Hönkürtü ilə ağladım... Xatirəmdə hər zaman gülərüz, sevimli biri kimi qalacaq (kövrəlir). Bu dünyada da yeri cənnət idi, orada da cənnətdə olacağına inanıram", - deyə aktrisa bildirib.
Xalq artisti Valeh Kərimov Firəngiz Rəhimbəyova ilə tanışlığını belə xatırlayıb:
"Afaq xanımla mən Sumqayıt Dövlət Dram Teatrında "Bəxt üzüyü" tamaşasında həmin rolları oynamışdıq. Bu tamaşa o vaxt məşhur idi. "Sevda" roluna əslində başqa bir aktrisanı sınaqdan keçirmişdilər. Nədənsə rejissor onu uyğun bilmədi. Bir neçə gündən sonra dedilər ki, filan vaxtı gələrsən kinostudiyaya. Çəkilişlərə gəldim, gördüm ki, Firəngiz xanım da gəlib. Mən o vaxta kimi onu müğənni kimi tanıyırdım. Çəkilişlərə gəldiyi gün elə birinci o məşhur səhnəni çəkməyə başladıq. Çox xoş əhvali-ruhiyyədə olurdu. Şən, azad, gözəl, müasir qadın idi. Rolu elə gözəl oynayırdı ki... Səmimi deyim ki, rol da ona yaraşırdı.
Filmin çəkilişlərindən bir müddət sonra eşitdim ki, Firəngiz ABŞ-yə gedir. Onun canında, qanında avropalılıq var idi. Gedəndən sonra əlaqə saxlayırdım. Soruşurdum ki, necədir vəziyyət? Deyirdi ki, əla! Orada restoranlarda oxuyurdu, işləyirdi. Çox razılıq edirdi. Qızı da orada ailə həyatı qurdu, övladı dünyaya gəldi. Gözlərimə inana bilmirdim ki, Firəngiz nənə olub. O qədər onu çılğın, cavan, özünəbaxımlı görmüşdük ki, ona heç nənəlik yaraşmırdı.
O vaxt AzTV-də "Kinoklub" verilişi var idi. Allah rəhmət etsin, rejissoru Etibar idi. Mənə bir gün dedi ki, Firəngiz gələcək, hava limanında onu qarşılayaq, həm də çəkiliş edək. Maraqlı bir çəkiliş alınmışdı. Qucaqlaşdıq, görüşdük. Sonuncu dəfə "Bəxt üzüyü-2" filminin çəkilişlərində olduq. Çox maraqlı çəkiliş günü oldu. Hiss edirdim ki, Firəngiz də bizim üçün darıxıb. Vətəndir də. Nə qədər xaricdə yaşasan da, günün nə qədər xoş keçsə də, vətən vətəndir. Bu gün onun haqqında o olmadan danışmaq çətindir. Elə bilirəm ki, Firəngiz hər zaman var və var olacaq. İnanıram ki, yeri cənnətdir. Onunla bağlı xatirələrim çoxdur. Hər dəfə ondan danışanda qəhər məni boğur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun