“Əcnəbiyəm, Azərbaycanı sizdən çox təmsil edirəm”

“Əcnəbiyəm, Azərbaycanı sizdən çox təmsil edirəm”

Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes sosial şəbəkələrdə linç olunmasına münasibət bildirib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda məlumat yayıb:

“Bəli, bilirəm ki, mən əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm, amma Azərbaycan bayrağını yüksəklərə qaldırmışam, sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz, heç nə, tamam”.

Lakin idmançı bu açıqlamasından sonra yenidən linçə məruz qalıb.

Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.

Onu da xatırladaq ki, idmançının həyat yoldaşı Nigar Dominqes onun linç olunması ilə bağlı “İdman.biz”ə açıqlama verərək bunları deyib:

“Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi, amma ona 3-4 ay kifayət etdi.

81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb. Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq.

O bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılanları oxuyub, düzü, çox pis oluram”.