Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsi Türkiyənin “Oskar” namizədini açıqlayıb.
OLAY yazır ki, Türkiyənin “Ən yaxşı beynəlxalq film” nominasiyası üzrə namizədi Zeki Demirkubuzun rejissoru olduğu “Həyat” adlı filmi olub.
“İdarəmiz tərəfindən dəstəklənən filmimizə “Oskar” yolunda uğurlar arzu edirik”, - deyə, açıqlamada vurğulanıb.
Demirkubuzun rejissorluğunu etdiyi filmin baş rollarında Miray Daner və Burak Dakak yer alır. Filmdə, atasının təkidi ilə nişanlanmaq məcburiyyətində qalan Hicran evdən qaçır. Hicranın onsuz da onu istəmədiyini düşünən Rıza bu vəziyyətə əvvəlcə əhəmiyyət verməsə də, zamanla vəziyyət onu narahat etməyə başlayır və Hicranla üzləşməyə qərar verir. Yalnız bir dəfə gördüyü nişanlısının arxasınca İstanbula gedir və uzun çəkən böyük bir axtarışa başlayır.
Filmin heyətində Cem Davran, Umut Kurt, Melis Birkan, Osman Alkaş, Ozan Dağara, Doğu Demirkol, Kayhan Açıkgöz, Muttalip Müjdeci, Seyit Nizam Yılmaz, Berfun Başel, Hande Özen, Özlem Türkad və Caner Cindoruk yer alır.
Rejissor Zeki Demirkubuz uzun müddət sonra film çəkməyin həyəcanını yaşadığını vurğulayaraq “Həyat insanı yumşaldır, “Həyat” filmimin əvvəlki filmlərim qədər qaranlıq olmadığı ilə razıyam. Məncə, bu, yaxşı bir şeydir, daim eyni insan olaraq özünü təkrarlayanda sıxılırsan. Xainlik olmadığı müddətcə, inkar olmadığı müddətcə, həyatın dəyişiminə inanmaq lazımdır, ona bir az cavab vermək lazımdır. Mənimki, yəqin ki, belə olur”, - deyə, bildirmişdi.
Rejissor 30 ildir kino çəkməsinə baxmayaraq, filmlərini çəkdikdən sonra hələ də tamaşaçılara təqdim edərkən bir utanc hissi yaşadığını qeyd edir:
“Əslində, bu məni diri tutan bir hissdir. Məncə, insan təkcə bu mövzularda deyil, həyatı da bir az utanc və ya günahkarlıq hissi ilə yaşamalıdır. Çünki başqa cür insan elə bir eqoya sahib olur ki, buradan uzaqlaşır. Mənim bu həyata dair tapdığım fəndlər bunlardır”.
Qeyd edək ki, keçən il rejissoru Nuri Bilge Ceylan olan “Quru otlar üstündə” filmi Akademiya Mükafatlarında Türkiyənin “Ən Yaxşı Beynəlxalq Film” namizədi olmuşdu.