“Onun adını ağzıma almayacağam”

“Onun adını ağzıma almayacağam”

“Bu 18 illik təcrübəmdə heç bir zaman şəxsi münasibətləri karyeramla bir yerə qoymamışam. 2023-cü ildə qərar verdim ki, mənə hörmət edənə qarşılıq verəyəcəm, hörmət etməyəni isə görməyəcəyəm, onun adını ağzıma almayacağam. İstər iş prosesində, istər şəxsi planda”.

OLAY yazır ki, bu sözləri “7 özəl” proqramında aparıcı və radio dj Kazım Sübhan deyib.

Ötən ilin ən hit ifalarını sıralayan sənətçi Xalq artisti Röya Ayxanın “Tez gəl” mahnısını siyahıda birinci edib və onun haqda bu sözləri dilə gətirib:

“Onun taktikasını yüksək qiymətləndirirəm. Ən əsası odur ki, onun bu taktikası səmimidir. Deyirlər ki, çoxbilmişdir. Yox, yaxşı mənada. İnsan ətrafına, komandasına həmişə hörmət edir. Karyerasında, sənət yolunda ona dəstək olan insanları əlində bərk saxlamasını yüksək qiymətləndirirəm. Ağıllı və peşəkar insan qazandığı uğura tək başına nail olmadığını biləndir. Vay o insanın halına ki bütün uğuru özündə görür. Onun çox az müddəti var – 1-2 ilə tükənəcək. İnsanın eqosuna baxın, düşünür ki, “Bu uğuru mən tək bacarmışam!”. Bu bir reallıqdır ki, uğuru tək deyil, komanda şəklində bacarırsan. Sadəcə sənə olunan zəhməti, dəyəri səhnədə tək göstərirsən. Röyada komandasına təşəkkür etmək hissi var. Hər dəfə böyük layihələrdən sonra komandasına yaxşı hədiyyələr verir. Söhbət hədiyyədən getmir, işçisini dəyərləndirməkdən gedir.

Mən həm bu məqama görə, həm də “Tez gəl” mahnısını və klipini çox bəyəndim. Mənim üçün 2023-cü ilin ən yaxşı mahnısı odur. 2023-cü ilin ən uğurlu sənətçisi də Röyadır. Konsertlər, “14/41” albomunun təqdimatı, kliplərinin də sayı-hesabı yoxdur”.

Kazım daha sonra fikirlərinə belə davam edib:

“Mən sənətə, sənətkara, sənətkarın şəxsiyyətinə hörmət edən bir insanam. Artıq bir neçə aydır belədir. Mənə elə gəlir ki, bir ifaçının məhsulu yaxşıdırsa, şəxsiyyətində problem varsa, onun mənə sənəti də lazım deyil. İstənilən sahədən asılı olmayaraq, insanın xarakteri, şəxsiyyəti olmalıdır. Şəxsiyyəti, daxildəki dəyəri yoxdursa, onun təqdim etdiyi məhsulun səmimiyyətinə inanmıram”.

Qeyd edək ki, K.Sübhanın “2023-cü ilin ən hit mahnıları” siyahısında Nadir Qafarzadənin “Saz kimi sevirəm”, Tünzalə Ağayevanın “Ey yar”, Natavan Həbibinin “Olma nigaran”, Azər Zeynin “Sevmədim ki”, İradə İbrahimovanın “Bir bahardır”, Səidə Sultanın “Ahuzar içində” ifaları da yer alıb.