Avroviziya qalibimiz Eldar Qasımov Bolqarıstanın “Avroviziya 2026” mahnı müsabiqəsi üçün keçirilən milli seçim finalında xüsusi qonaq qismində çıxış edib.
OLAY yazır ki, şou 31 yanvar tarixində Sofiyada baş tutub və Bolqarıstan Milli Televiziyası (BNT) vasitəsi ilə canlı yayımlanıb. Eldar gecəyə müsabiqənin “əfsanəvi qalibi” statusunda dəvət olunub.
3 illik fasilədən sonra “Avroviziya” səhnəsinə qayıdan Bolqarıstan təntənəli gecə ilə gündəmə gəlib. Eldar səhnədə bir çox mahnılar, eləcədə ona 2011-ci ildə qalibiyyət qazandıran “Running Scared” mahnısını səsləndirib. İfa həm zalda, həm də televiziya tamaşaçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Eldarla eyni səhnəni “Avroviziya - 2026” iştirakçıları Alis (Albaniya) və AIDAN (Malta), həmçinin Bolqarıstanın məşhur ifaçıları Nevena Tsoneva və İvo Dimçev bölüşüblər.
Bolqarıstan mediası, o cümlədən Fakti.bg portalı və BNT-nin rəsmi resursları Eldarın iştirakını geniş işıqlandıraraq onun səhnəyə çıxışının gecəyə xüsusi parıltı və prestij qatdığını vurğulayıblar.
Gecənin sonunda elan edilib ki, ölkəsini müsabiqədə müğənni DARA təmsil edəcək.





























