Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)

Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)
Səlim Abbasov: "Kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar” (Video)

Əməkdar artist Səlim Abbasov valideynlərini itirməyin onun həyatında yaratdığı ağır izlərdən danışıb. Sənətçi bildirib ki, anası və atasının koronavirus səbəbindən vəfat etməsi ilə barışmaqda çətinlik çəkib.

Milli.Az xəbər verir ki, o, bu barədə "Qonaqcanlı" verilişində danışarkən həmin dövrdə insanlarla ünsiyyətdən belə qaçdığını etiraf edib. Səbəb isə ətrafındakıların başsağlığı verməsinə hələ hazır olmaması olub.

Səlim Abbasov valideynlərinin səhhətində əvvəlcədən ciddi problem olmadığını, pandemiya ərəfəsində Moskvaya gedərkən onları müayinədən keçirdiyini söyləyib. Həmin vaxt ağciyərlərinin təmiz olduğunu deyən sənətçi sonradan baş verənləri gözləmədiyini vurğulayıb.

Əməkdar artistin sözlərinə görə, insan yaxınını uzun müddət xəstə görüb onun yoxluğuna tədricən hazırlaşa bilər. Ancaq valideynlərini qəfil itirdiyi üçün bu vəziyyətə alışa bilməyib. O, anasının 59, atasının isə 69 yaşında dünyasını dəyişməsinin onun üçün ağır zərbə olduğunu bildirib.

Sənətçi uzun ömür sürən insanları görəndə qarışıq hisslər keçirdiyini də gizlətməyib. Belə insanlara sevindiyini, eyni zamanda öz valideynlərinin də uzun illər yaşamasını arzuladığını deyən Səlim Abbasov fikirlərini bu sözlərlə ifadə edib:

"Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki "Allah rəhmət eləsin" sözünü eşitməyə hazır deyildim".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az