“Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim”.
OLAY yazır ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edərkən bildirib.
“Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır.
Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz”, - dövlət başçısı deyib.
Qeyd edək ki, oktyabrın 26-sı Xalq rəssamı Fərhad Xəlilovun 80 yaşı tamam olur.

















