Oktyabrın 22-də Sumqayıt Dövlət Dram Teatrında görkəmli ictimai xadim, Xalq şairi Sabir Rüstəmxanlının eyniadlı əsəri əsasında hazırlanmış “Sürgün sevgi” tamaşasının premyerası keçirilib.
OLAY yazır ki, Nümayişdə Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və teatr xadimləri iştirak ediblər.
İkihissəli milli faciə janrında hazırlanan səhnə əsəri Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında ərsəyə gətirilib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, xormeysteri Əməkdar müəllim Firəngiz Xəlilova, plastik hərəkətlər və rəqslər üzrə quruluşçusu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.
“Sürgün sevgi” milli faciə janrının xarakterik xüsusiyyətlərini özündə birləşdirərək Azərbaycan xalqının XX əsrdə üzləşdiyi tarixi sınaqları, milli taleyin ağrılı məqamlarını və ictimai-siyasi sarsıntıların insan həyatında yaratdığı faciəvi nəticələri səhnəyə gətirir. Əsərdə 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə yaşanan ictimai-siyasi gərginlik, xaos və vətəndaş qarşıdurması kimi tarixi hadisələr bədii ümumiləşdirmə yolu ilə təqdim olunur.
Milli faciənin məzmununu müəyyənləşdirən əsas istiqamətlərdən biri xalqın taleyi ilə fərdi insan talelərinin qarşılıqlı əlaqəsi, tarixi hadisələrin doğurduğu mənəvi sarsıntılar və milli azadlıq ideyasıdır. Bu mənada tamaşada Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan, çətin və mürəkkəb dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti də mühüm yer tutur. Beləliklə, səhnə əsəri tarixi hadisələri sadəcə xronoloji ardıcıllıqla təqdim etməklə kifayətlənmir, onların milli yaddaşda və insan mənəviyyatında buraxdığı izləri bədii müstəvidə əks etdirir.
Tamaşanın səhnə həlli, musiqi və xoreoqrafik elementləri, eləcə də aktyor ifaları əsərin dramatik məzmununun açılmasına xidmət edir. Milli faciə janrının emosional və mənəvi yükü vasitəsilə tamaşaçıları tarix, yaddaş, azadlıq və milli məsuliyyət mövzuları ətrafında düşünməyə sövq edən səhnə əsəri keçmişin ağrılı hadisələrinə teatr sənətinin dili ilə nəzər salır.
Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Elmira Kərimova və Sədaqət Nuriyeva, eləcə də aktyorlar Elay Xasıyev, Vəfa Qurbanova, Rövşən Əsgərov, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Cavanşir Eyyubzadə, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı çıxış ediblər.
Səhnə nümunəsi tamaşçılar tərəfindən maraqla qarşılanıb.
























